Allahdan "ən xeyirlisini" ümid etmək

"Ümidvar olmaq", istənilən vəziyyət və şərtlər daxilində, hadisələrin hansı istiqamətdə baş verməsindən asılı olmayaraq, Allaha təslim olmaq, heç bir narahatlıq və kədərə qapılmadan hadisələri sevinclə qarşılamaq, hadisələrin gec-tez möminlər üçün ən xeyirli nəticəyə bağlanacağından ən kiçik şübhə duymamaqdır.
Möminlərin ən mühüm xüsusiyyətlərindən biri, daha əvvəl də ifadə etdiyimiz kimi, hər işlərində Allaha yönəlmələri, Allahın yaratdığı taleyə "könüldən" təslim olmalarıdır. Hadisə daha əvvəl heç planlamadıqları şəkildə baş verdikdə isə, çox istədikləri bir şeyə nail ola bilmədiklərində də, çox sevdikləri bir şeyi və ya bir kimsəni itirdiklərində də, bir sözlə, hər şəraitdə Allaha yönələr və hadisələrdəki gözəl və xeyirli istiqamətləri görərlər. Möminlərdən "niyə belə oldu?", "kaş ki, belə olmasaydı" kimi sözləri eşitmək qeyri-mümkündür. Çünki onlar əvvəldən bəri Allahdan razı qalaraq, taleyə təslim olublar.

Mömin dua edərkən Allahdan "ən xeyirlisini" istəyər. Çünki nəyin xeyirli olduğu onun üçün "qeyb"dir, yəni əvvəlcədən bilə bilməz. Lakin Allah ən xeyirli olanın nə olduğunu bilər. Məsələn, Allahın dininə olduqca bağlı olan mömin hidayət tapmasını istədiyi birinin də iman gətirməsini, ibadətlərini yerinə yetirməsini istəyə bilər, bunu ümid edərək Allaha dua edə bilər. İstəyinin çox gözəl və yaxşı niyyətli istək olduğu aydındır. Lakin, "yenə də ən xeyirlisini Rəbbim bilər" deyə düşünər. Çünki bir insan, ancaq Allah istəsə iman gətirə bilər. Buna görə də, sevdiyi bir insan hidayətə gəlmirsə bunda da bir xeyir olduğunu bilər və heç vaxt kədər və ümidsizliyə qapılmaz. Çünki Allah: “şübhəsiz ki, sən istədiyini hidayətə yönəldə bilməzsən. Lakin Allah istədiyini hidayətə yönəldər. O, hidayətə yönələcəkləri də daha yaxşı tanıyır" (Qəsas surəsi, 56) ayəsiylə bu mövzuya diqqət çəkmişdir.

Digər bir nümunə üzərində daha düşünək: mömin hər anını digər möminlərlə birlikdə keçirmək istəyər. Çünki möminlər bir-birlərinin vəliləri, ən yaxın dostları, qardaşlarıdır. Hamısı özlərini Allaha və Onun dininə həsr ediblər. Buna görə də bir yerdə olmaqdan böyük həzz alarlar. Lakin həmişə birlikdə olmaya bilərlər. Allahın dininə xidmət etmək məqsədi ilə sevdikləri insanlardan uzaq, fərqli məkanda olmaq məcburiyyətində də qala bilərlər. Yaxud Peyğəmbərimiz (s.ə.v) dövründə yaşanan bir nümunə olaraq, inkar edənlər tərəfindən təzyiq altına alınıb, hicrət etməyə məcbur edilə bilərlər. Möminlərlə birlikdə olmaq, əlbəttə, çox xeyirli hadisədir. Lakin Allah yolunda təzyiq və əziyyətlərə səbir etmək olduqca böyük mükafatlara və xeyirlərə vəsilə ola bilər.

Quranda iman gətirməyənlər tərəfindən sürgün edilmiş, zindanlarda saxlanılmış peyğəmbərlərdən, möminlərdən bəhs edilir. Buna bənzər hadisələrdə möminlər heç vaxt ümidsizliyə qapılmazlar. Özləri üçün bunun böyük xeyir olduğunu bilərlər. Onların məqsədləri hər vəziyyətdə ən gözəl əxlaqı göstərərək əcr toplamaq və Allahı razı etmək olduğu üçün, olduqları hər məkanı ibadətlərini yerinə yetirə biləcəkləri yer halına gətirər və bundan böyük həzz alarlar. Məhz möminlərin hər şəraitdə göstərdikləri bu təvəkküllü davranışları, həqiqi iman gətirdiklərini göstərər. Ən ağır xəstəliyə tutulsalar və ya şərtlər ən çətin şəraitlərdə olmağı da tələb etsə, həmişə ümidvar, həmişə təvəkküllü, həmişə Allahın yaratdığı hikmətləri və xeyirləri düşünən rəftar göstərərlər.