Allahın rəhmətindən yalnız inkarçılar ümid kəsər

İnsanlar çətin hadisələrlə qarşılaşdıqları zaman göstərdikləri rəftara görə iki qrupa ayrılarlar. Bunlardan birinci qrup Allahın varlığını inkar edən və dünya həyatının işlərinə aludə olan insanlardır. Hər hansı bir çətinlik, sıxıntı, fiziki və ya mənəvi təzyiqlə qarşılaşdıqları zaman bir anda təcavüzkarlaşıb, gözlənilməz üsyankar rəftarlar göstərərlər. Çətinliklər iman gətirməyənlərin böyük ümidsizliyə qapılmalarına səbəb olar. 1)    Bu ümidsizlik bütün həyatlarına mane olar, şövq və həyəcanlarını yox edər, çox böyük dəhşət və qorxu meydana gətirər. Hər çətinliyi bəla kimi görər, buna görə də, təmkinli davrana bilməzlər.
Allahın rəhmətindən ümid kəsənlər, Allaha və axirətə inanmayan insanlardır. Öz rəhmətindən təkcə inkarçıların ümid kəsdiyini Allah ayəsində bu cür ifadə edir:

Allahın ayələrini və Ona qovuşmağı “inkar edənlər”; məhz onlar, Mənim rəhmətimdən ümid kəsənlərdir; və məhz onlar, ağrılı əzab onlarındır. (Ənkəbut surəsi, 23)

Quranda təriflənən peyğəmbərlərdən biri olan hz. Yaqub (ə.s) da öz oğullarına Allaha qarşı ümidvar olmağı nəsihət etmişdir. Hz. Yaqub (ə.s)-ın oğullarına Allahın rəhmətindən ümid kəsənlərin yalnız inkarçılar olduğunu söylədiyini bildirən ayədə belə bildirilir:

Oğullarım! Gedin Yusifdən və qardaşından (həssas araşdırma ilə) bir xəbər gətirin və Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki Allahın mərhəmətindən ancaq kafirlər ümidlərini kəsər. (Yusif surəsi, 87)

Allahın mərhəmətindən ümid kəsmək, Allahın hər şeyə qadir olduğunu dərk etməmək deməkdir. Belə ki, bu, hər şeyini Rəbbimizə borclu olan insan üçün olduqca böyük nankorluqdur. Çünki insanı yaradan, ona görmə, eşitmə, düşünmə qabiliyyətlərini verən, yeriməsini, qaçmasını, nəfəs almasını təmin edən, onu güldürən, sağlamlığını ona verən, ruzi verən, sevdiyi şeyləri ona bəxş edən Allahdır. Bu zaman Allahın mərhəmətindən ümid kəsmək, insanın bütün bunları görməzlikdən gəlməsi mənasını verər. Xüsusilə də əlindəki nemətləri itirdikdən sonra ümidsizliyə qapılmaq, Allahın bəyənmədiyi davranışdır:

İnsana nemət verdiyimiz vaxt, üz döndərər və uzaq durar; ona bir şər toxunduğu zaman da ümidsizliyə qapılar. (İsra surəsi, 83)

Nemətlər içində olarkən bu nemətləri onlara Allahın verdiyini heç düşünməyən, şükür etməyən insanlar, nemətlər əllərindən alındığı zaman, bir anda xeyli heyrətlənir və bütün ümidlərini itirirlər. Nankorluq və ümidsizlik Quran əxlaqını yaşamayan insanlarda birlikdə özünü göstərən pis əxlaq xüsusiyyətləridir. Başqa ayələrdə də bu cür insanlardan belə bəhs edilir.

Özlərinə xatırladılanı unutduqları zaman, onların üzərlərinə hər şeyin qapılarını açdıq. Belə ki, özlərinə verilən şeylərlə “sevinib əyləndikləri zaman”, onları qəflətən yaxaladıq. Artıq onlar ümidlərini itirənlərdən oldular. (Ənam surəsi, 44)

Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman, heyrətə gəlib ümidsizliyə qapıldılar. (Muminun surəsi, 77)

 İnkarçıların bu zəif və bəsit xarakterlərindən başqa bir ayədə isə, belə bəhs edilir:

İnsan özünə xeyir diləməkdən bezməz, lakin ona bir şər toxunan kimi ümidsizliyə qapılar. (Fussilət surəsi, 49)

     Allah iman gətirənlərə inkarçıları dost tutmamağı, onların axirətə qətiyyən inanmadıqlarını, axirətdən ümid kəsmiş insanlar olduqlarını bildirir. Bu cür insanlar möminlərin həmsöhbət olmaqdan xüsusilə çəkindikləri kimsələrdir. Çünki axirətdən ümid kəsən insan istənilən cəhətdən mənfi xüsusiyyətlər daşıyan insandır. Heç bir sərhəd və ya qayda tanımaz, hər cür günahı işləyə biləcək xarakterdə olar. Necə ki, dünyada cinayətdən oğurluğa qədər hər cür qeyri-qanuni işin arxasında çıxış edən, insanlara çəkinmədən zülm edən, qanunsuzluğu, fırıldaqçılığı həyat tərzinə çevirən insanlar həmişə axirətə inanmayan, axirət ümidi daşımayan, Allahdan qorxmayan insanlardır. Buna görə də, möminlərin axirətdən ümidini kəsmiş bu cür insanları dost tutmamalarının lazım olduğu ayədə belə bildirilib:

Ey iman gətirənlər, Allahın qəzəbinə düçar olmuş bir qövmü vəli (dost və müttəfiq) tutmayın; belə ki, onlar kafirlərin qəbir əhlindən ümid kəsdikləri kimi axirətdən ümid kəsiblər. (Mumtəhənə surəsi, 13)

Ümidsizlik, imansız insanlarla imanlı insanlar arasındakı ən nəzərə çarpan fərqlərdən biridir. İnkarçılar Allahın rizasını qazanmaq məqsədiylə yaşamadıqları üçün, Allahdan gələn hər şeyə razı olan bir möminin yaşadığı rahatlığı yaşaya bilməzlər. Buna görə də, bir an sonra belə baş verəcək şeylərin narahatlığını yaşayarlar. Hər hadisənin öz əleyhlərində baş verəcəyi zənninə qapılarlar.
Bir anlığa ümidvar olsalar də, yaşadıqları hadisənin hər hansı mərhələsinin gözlədikləri kimi olmadığını gördükləri zaman dərhal ümidsizliyə qapılarlar.
İmanlı insan üçün isə, bu vəziyyət tam əksinədir. İman, dünyada insanın sahib ola biləcəyi ən böyük nemətlərin başında gəlir. Allaha inanan insan ayədə bildirildiyinə görə: "...ən möhkəm dəstəkdən yapışmış olar, (Bəqərə surəsi, 256). Yoxkən var edən, ölü ikən dirildən, xəstələndikdə şəfa verən, yedirdən, içirdən, böyüdən, qaranlıqdan nura çıxardan Allahdır. İman gətirən insan bu həqiqətdən xəbərdardır və bu böyük elmi bilməyin rahatlığını yaşayar.

İman, insanı ümidsizliyə sürüklənməkdən, qəm, kədər, sıxıntı, stress, qəzəb, gələcək qayğısı, qorxu və narahatlıq kimi insana maddi-mənəvi zərər verən faktorlardan uzaq tutar. Bütün bunların əksinə olduqca şən və dinc olmasına səbəb olar. Necə ki, imandan başqa bir dəstəkdən yapışmağa çalışan insan qətiyyən dincliyə nail olmadığını, məqsədlərinə nail olsa belə xoşbəxt olmadığını özü də görər.
Xüsusilə xəstələndiyi və ya yaşlandığı zaman həyatını həsr etdiyi insanların ona sadiq olmadığını, keçən illərin bu dünyada da heç bir fayda gətirmədiyini düşünüb ruhən çökər. Bu günə qədər özünün ayaqda saxlayan idealları, gözləntiləri, dostları, sevdikləri yox olmuşdur.
İman əhli isə dünyaya bağlı olmadığı üçün vücudunda meydana gələn dəyişikliklər, ətrafında və həyatında yaşadığı itkilər kədərlənməsinə və ya əhval-ruhiyyəsinin korlanmasına səbəb olmaz. İllərini Allah yolunda mübarizəyə həsr etmiş görkəmli İslam alimi Bədiüzzaman Səid Nursi imanın özünə kifayət etdiyini və özünə bitməyən ümid mənbəyi meydana gətirdiyini bu cür dilə gətirmişdir:

Məhz bütün qocalığımdan və firaq (ayrılıq) bəlalarından gələn təəssüratıma (kədərlərimə), mənə nur-u iman tam kafi gəldi; qırılmaz rica, tükənməz bir ümid, sönməz bir ziya, bitməz bir təsəlli verdi. Əlbəttə ki, sizə qocalıqdan gələn qaranlıq, qəflət, təəssürat və təəllümata (kədərlənmələrə), iman kafi və vafidir (tamdır). Əsil ən qaranlıq, ən nursuz, həmçinin təsəllisiz qocalıq və ən əlim (acınacaqlı) və heyrətamiz firaq (ayrılıq), əhl-i dəlalətin (haqq yoldan azanların) və əhl-i səfahətin (səfahətlərin) qocalıqları və ayrılıqlarıdır. O rica və ziya və təsəlli verən imanı zövq etmək və təsiratını (təəssüratını) hiss etmək üçün, qocalığa layiq və İslamiyyətə müvafiq ubudiyətkârânə (qulluğa yaraşan tərzdə) bir tavr-ı şuurdârânə (şüurlu bir rəftar) göstərməklə olar. Yoxsa, gənclərə bənzəməyə çalışmaq və onların sərxoşca qəflətlərinə dalıb qocalığını unutmaqla deyil…"
Bir insanın nemətlər içində olarkən şən və xoşbəxt olub, nemətlər əlindən alındığı zaman bir anda bütün xarakterinin dəyişməsi, heyrətamiz sıxıntı və narahatlığa qapılması əslində tam mənası ilə bəsitlik, alçaqlıqdır. İnsanın Allaha və axirətə həqiqi iman gətirmədiyinin dəlilidir. Eyni zamanda mühüm ağılsızlıq və qavrayış çatışmazlığının da göstəricisidir.
Çünki neməti verən də, alan da Allahdır. Mömini digər insanlardan fərqləndirən ən mühüm xüsusiyyətlərindən biri də, belə vəziyyət qarşısında göstərəcəyi gözəl əxlaqdır. Mömin hər iki vəziyyətdə də böyük sevinc və təslimiyyət içindədir. Möminlərin ən təməl xüsusiyyətləri bütün varlıqları ilə Allaha tam təslim olmaları, Onun özlərinə göndərdiyi Qurana uyğun hərəkət edib düşünmələri, Qurandan kənar heç bir zehniyyət, model və dünyagörüşünə sahib olmamalarıdır.
İman gətirməyənlər isə, Quran əxlaqına zidd olan həyat modelini bütün istiqamətlərdə yaşayarlar. Lağlağılıq, zülm, narahatlıq, qorxu, sıxıntı, yalan, ölüm qorxusu, dünya ehtirasları, kədər və s. şeylərin hamısı bu modelə daxil olan xüsusiyyətlərdəndir. Ümidsizlik də iman gətirməyənlərin demək olar ki, hamısında rast gəlinən xüsusiyyətdir. Yaşama məqsədlərini və həyat tərzlərini möhkəm zəmin üzərində, yəni Allaha iman və qulluq üzərində qurmadıqları üçün həyatları, fərasətləri, dayanma gücləri çox cüzidir. Hər an sarsılmağa, məhv olmağa əlverişli bir ruh halı içindədirlər.
Bitib tükənməyən, sönməyən, coşğulu bir ümid olması üçün Allaha tam iman gətirmək, güvənmək və sədaqət lazımdır. Təkcə Allahla dost olan insan lazımınca ümidvar yaşayar. Allaha inanmayan insan gerçək ümidi, yəni dünyəvi şərtlərə əsaslanmayan daimi ümidin nə olduğunu bilməz. Həmişə mənfi ehtimallar barəsində düşünər, hadisələri həmişə mənfi istiqamətdə qiymətləndirər. Allaha güvənib təvəkkül etməyən belə insanların narahat olmaq üçün bitib tükənməyən səbəbləri var. Hər şeyin nəzarətsiz təsadüflərə bağlı olduğunu zənn edərlər. Belə vəziyyətdə yalnız baş verməsi ehtimal olunan təbii fəlakətlər belə təvəkkülsüz insanlar üçün böyük sıxıntı mənbəyidir.
Kainatda çox həssas tarazlıqlarla bir-biriylə uyğunlaşma təmin edən bir çox təfərrüat var. Bu tarazlıqlardan birində meydana gələcək çox kiçik nisbətdəki dəyişiklik belə kainatda böyük fəlakətlər törədə bilər.

Məsələn, şiddətli bir zəlzələ yer qabığı üzərindəki hər şeyi alt-üst etməyə kifayətdir. Yer qabığı alovlanıb qaynayan, ən ağır metalların belə ərimiş vəziyyətdə olduğu minlərlə dərəcə temperaturdakı maqma üzərində sanki bir pərdə kimi üzür. Bu pərdənin hər an bir neçə yerindən cırılması və yer üzünün qaynayan lava kütlələriylə külə dönməsi olduqca asandır. Yer üzünün ən etibarlı sayılan yerləri belə bu təhlükədən uzaq deyil. Çünki aparılan hesablamaların heç biri dəqiqlik daşımır, yalnız təxmin və fərziyyə şəklində qalır. Həmçinin Yer kürəsi heyrətamiz sürətlə kosmosda fırlanaraq hərəkət edir, minlərlə meteorit yer kürəsinin çox yaxınlığından toxunub keçir. Günün birində böyük bir meteoritin Yer kürəsinə tuş gəlməyəcəyinə heç bir zəmanət yoxdur. Yalnız bir kilometr diametrindəki bir meteorit belə Yer kürəsindəki iqlim tarazlıqlarını alt-üst edərək canlı həyatını təhdid etməyə kifayətdir. Günəşdə baş verəcək böyük bir partlayış nəticəsində ətrafa yayılacaq enerji və radiasiya da Yer kürəsindəki həyata bir anda son qoya bilər. Üstəlik, bunlar yalnız bir neçə nümunədir və bunlar kimi daha minlərlə alternativ düşünülə bilər.

Bütün bunları görən bir insanda, əgər Allaha inancı və təvəkkül yoxdursa, çox böyük qorxu və narahatlıq hiss edər. Lakin iman gətirənlər isə öz bədənləri də daxil olmaqla, bütün kainatın Allahın idarə etdiyini bilər. Allahın ağlına və elminə tamamilə təslim olar. Kainatın həssas tarazlıqlar üzərində qurulmuş olması, onun imanını daha da artırır, Allaha olan bağlılığını, heyranlığını gücləndirir.

Bədiüzzaman Səid Nursi bu mövzuda müsəlmanların rahatlığı ilə inkarçıların qapıldıqları ümidsizliyi səmimi üslubu ilə belə ifadə edib:
"...Məhz, kainat içində maddi və mənəvi bütün bu silsilələr; imansız əhl-i dəlalətə (doğru və haqq yoldan azanlara) hücum edir, təhdid edir, qorxu verir, kuvvə-i mânəviyəsini (mənəvi gücünü) zir-ü zəbər (alt-üst) edir. Əhl-i imana (iman gətirənlərə), nəinki təhdid və qorxutma, bəlkə sevinc və səadət, ünsiyyət (dostluq), ümid və güc verir. Çünki əhl-i iman, iman sayəsində görür ki, o həddsiz silsilələri, maddi və mənəvi şiməndifərləri (qatarları), səyyar kainatları mükəmməl intizam və hikmət dairəsində bir vəzifəyə sövq edən bir Sani-i Hakim (hikmət sahibi olan Yaradıcı) onları işlədir. Zərrə qədər də işlərində səhv etmirlər, bir-birinə təcavüz edə bilmirlər. Və kainatdakı kəmâlât-ı sənətə (mükəmməl sənətlərə) və təcəlliyat-ı cəmâliyəyə (gözəllik təsvirlərinə) məzhər olduqlarını (qovuşduqlarını) görüb kuvvə-i mânəviyəyi (mənəvi qüvvəni) tamamilə əlinə verib, səadət-i əbədiyənin (əbədi səadətin) bir nümunəsini iman göstərir…"
İnkarçıların ən çox ümidsizliyə qapılacaqları gün, bütün insanların hesab vermək üçün dirildiləcəkləri axirət günü olacaq. Qiyamətin başlaması ilə, çətin bir günlə qarşı-qarşıya qaldıqlarını dərhal anlayan inkarçılar, həyatları boyu qaçdıqları həqiqətlə çox açıq şəkildə qarşılaşacaqlar, dünyada olduqları müddətdə imana heç yaxınlaşmadıqları üçün təsviredilməz peşmançılıq hissinə qapılacaqlar. Allahın vədlərini xatırlayacaqlar, cəhənnəmə soxulacaqlarını anlayacaqlar. Bu məqamda və bundan sonra yaşayacaqları ümidsizlik, ümidsizliyin ən son həddidir. Necə ki, dünyada yaşanılan heç bir peşmançılıq, heç bir ümidsizlik nümunəsi bu qədər şiddətli deyil. Allah, axirətin başlanğıcı olan qiyamət günündə inkarçıların yaşayacaqları fəlakəti bu cür ifadə edir:

Qiyamət qopacağı gün günahkarlar ümidsizcəsinə məhv olacaqlar. (Rum surəsi, 12)

Qurana dəvət edildikləri halda, öz istəkləri ilə inkarda israr edən insanların cəhənnəm əzabının çox şiddətli olacağı və bu əzabın yüngülləşdirilməyəcəyi də ayələrdən aydın olur. Zuxruf surəsində belə buyurulur:

Onların (əzabı) yüngülləşdirilməyəcək və orda onlar ümidlərini itirmiş şəxslər olacaq. Biz onlara zülm etmədik; ancaq onların özləri zalımdırlar. (Zuxruf surəsi, 75-76)