İnkarçıların ümidsiz halları

Ümidsizlik, din əxlaqını yaşamayan insanlarda tez-tez rast gəlinən ruh xəstəliyidir. Bu, insanların Allahın varlığını qəbul etməmələrindən və ya Allahı lazımi qədər tanımamalarından irəli gəlir. İmandan və dolayısilə Quran məlumatından məhrum olan bu insanlar ətraflarında baş verən bütün hadisələrin təsadüflər nəticəsində meydana gəldiyini düşünürlər. Allahın hər şeyi, Özünün müəyyənləşdirdiyi tale çərçivəsində yaratdığını və hər an idarəsi altında saxladığını dərk edə bilməzlər.
Buna görə də, üzləşdikləri istənilən mənfi hadisə özləri üçün kədər və ümidsizlik vəsiləsi olar. Hətta pis bir hadisəyə gərək qalmadan, sırf özlərinin qurduqları xülyalar, vəsvəsələr və narahatlıqlar belə onları böyük ümidsizliyə salmağa kifayət edər.
Bu ruh halındakı insan hər mövzuda, hər hadisədə pisə yozacaq, mənfi istiqamət tapa bilər. Hər şeydən pessimizmə və ümidsizliyə sürüklənəcək nəticələr çıxarda bilər. Çünki meyar qəbul edəcəyi heç bir yol göstərəni yoxdur. Həyat fəlsəfəsini və hadisələrə baxışını təyin edən şeylərin təsadüf, şans kimi anlayışlar olduğunu düşünər. Halbuki bu anlayışların ona ümid və güvən verəcək heç bir gücü yoxdur. Tam əksinə, bu anlayışlara inanması və həyatını bunların üzərində qurması, onun hər cür sıxıntını və əzabı yaşamasına səbəb olar.
Belə olması da təbiidir. Çünki Allahı tanımamaqla, Onun insanlara rəhbər, rəhmət və müjdə kimi göndərdiyi Quranı rəhbər tutmamaqla öz-özünə zülm etmiş, çəkdiyi bütün çətinliklərə özü səbəb olmuşdur. Özünü və bütün varlıqları əhatə edən İlahi taledən xəbərsizdir. Buna görə də, Allahın istəyi və məlumatı ilə baş verən hər şeyi nəzarətsiz hadisələr zənciri hesab edər. Bir sözlə, olduqca kor və cahil olması, ona həyatı boyu bir növ cəhənnəm əzabı yaşadar.
İnkar edənlər üçün vəziyyət belə ikən, özünü müsəlman kimi təqdim edən bəzi insanlar da eyni ruh halını yaşayarlar. Müsəlman olmalarına baxmayaraq, Quran əxlaqını yaşamadıqları üçün hadisələrə yanaşma tərzləri və reaksiyaları da inkar edənlərdən heç də fərqlənmir. Bütün hadisələri səbəblər zəncirinin, təbiət qanunlarının, ictimai inkişafların nəticəsi kimi qiymətləndirər, bütün bu hadisələri Allahın yaratdığını düşünməz və bunların arxasındakı İlahi hikməti və məqsədi görə bilməzlər.

Halbuki Qurani baxış insana tamamilə fərqli xarakter qazandırar. Hər şeyə bu baxışla yaxınlaşan bir insan mömin olduğu üçün, hər hadisənin özü və digər möminlər üçün də xeyirli olduğunu bilər. Çünki Allah möminlərin dostudur və onlar üçün dünyada və axirətdə ən xeyirli olanı istəyir və yaradır. Əgər mənfi kimi görünən bir vəziyyətlə qarşılaşsa, bunu pis şansa, uğursuzluğa, işlərin tərs getməsiylə əlaqələndirməz. "Şər" kimi görünən bir hadisədə; “ola bilsin ki, xoşlamadığınız bir şey sizin üçün xeyirlidir” (Bəqərə surəsi, 216) ayəsində bildirildiyi kimi Allahın çox böyük xeyirlər yaratmış ola biləcəyini düşünər.

Hər şeyin Allahdan gəldiyini və Onun istəyi ilə baş verdiyini dərk edərək, heç bir şərtdə və vəziyyətdə kədərə, pessimizmə və ümidsizliyə qapılmaz. Bu dünyada hər şeyin imtahan vəsiləsi olduğunu düşünərək qarşısına çıxan hadisələrdə Quranda bildirilən ən gözəl əxlaqı, ən gözəl davranış formasını göstərər.