Möminlərin ümidvar halları ümidvar olmaq mömin xüsusiyyətidir

Ümid etmək Quranda möminlərin mühüm xüsusiyyəti olaraq ifadə edilmişdir. Ümidvar olmaq eyni zamanda insanın imanının da göstəricisidir. İnsan imanı dərəcəsində Allahdan ümid edər, Onun rəhmətinə və sonsuz nemətlərinə qovuşmaq üçün böyük həsrət duyar. Çünki Allah iman gətirənlərə həm bu dünyada, həm də axirətdə çox böyük gözəlliklər vəd etmişdir. İnsan da Allaha olan etibarı, yaxınlığı, təslimiyyəti və səmimiyyəti dərəcəsində bu nemətlərə qovuşmağı ümid edər. Hər hadisənin yalnız Allahın istəyi ilə baş verdiyini bildiyi üçün, heç bir mövzuda kədərə, pessimizmə və ümidsizliyə qapılmaz. Allahın möminlərin dualarına cavab verdiyini bildiyi üçün, ən pis görünən bir hadisənin belə imtahan mühitinin parçası olduğundan və əvvəl-axır möminlər üçün mütləq xeyirə çevriləcəyindən şübhə etməz.
Ətrafımızda olan-keçən hər şey Allahın "ol" deməsi ilə baş verər. Gördüyümüz hər təsvir Allahın istəyi ilə yaradılar. Heç nə başıboş və nəzarətsiz buraxılmayıb. Hər şey Allahın müəyyənləşdirdiyi tale əsasında yaradılar.
Bunu dərk edən bir mömin, ən mənfi şərtlərdə, ən çətinmiş kimi görünən vəziyyətlərdə belə Allahın rəhmətindən və köməyindən ümidini kəsməz. Çətinliklər qarşısında səbir edən, Allahdan ümidini kəsməyən və heç bir şəraitdə Allahın hökmlərindən güzəştə getməyən insanlar həm dünyada, həm də axirətdə müjdələniblər.

Quranda möminlərin həmişə Allahdan ümid edən ruh halı içində olduqlarını görərik. Həqiqətən də səmimi şəkildə iman gətirən kimsə Rəbbimizi Quranda təsvir edildiyi kimi tanıyıb təqdir edər və bunun nəticəsində, Allahın öz üzərindəki rəhmətini və nemətini görər. Onun möminlərin dostu və köməkçisi olduğunu, onlara qarşı sonsuz şəfqətli və mərhəmətli olduğunu, Allahın saleh qullarını həm bu dünyada, həm də axirətdə böyük mükafatla müjdələdiyini və Allahın qətiyyən vədindən dönməyəcəyini bilər. Onun özü üçün həmişə xeyirli və gözəl olanı dilədiyini, özünə rəhmət və hidayət qapılarını açdığını, özünə bir çox mükafat qazanma fürsəti verdiyini görər.

Məhz, belə şüura sahib olan mömin Rəbbimizə qarşı həmişə ümüdvar münasibət göstərər, dünyada da, axirətdə də hər şeyin ən gözəlini və ən xeyirlisini Allahdan umar. Quranın bir çox ayəsində Allahın möminlərə dünyada və axirətdə gözəl qarşılıq verəcəyinin bildirildiyini görərik. Allah iman gətirənlərə Öz neməti, lütfünü və rəhmətini bəxş edəcəyini bəzi ayələrində belə müjdələmişdir:

İman gətirərək saleh əməl işləyənlərin, əlbəttə ki, günahlarının üstünü örtəcək və onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq. (Ənkəbut surəsi, 7)

 O, iman gətirib saleh əməl işləyənlərə cavab verər və Öz nemətini onlara artırar. Kafirlərə gəldikdə isə, onlar üçün şiddətli əzab var. (Şura surəsi, 26)

 Şeytan sizi yoxsulluqla qorxudur və sizə çirkin həyasızlığı əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və bol lütf vəd edir. Allah geniş olandır, biləndir. (Bəqərə surəsi, 268)

Möminlərin duaları və istəkləri də ümid doludur. Ayədə bildirildiyi kimi onlar: ...öz Rəbbinə, qorxu və ümid içində dua edərlər... (Səcdə surəsi, 16). Onsuz da dua etmək özlüyündə ibadət olduğu kimi, möminin Allaha qarşı ümidvar davranışının da bir göstəricisidir. Mömin Rəbbimizin özünə cavab verəcəyinə ümid edərək dua edər.