Şeytan insanlara ümidsizliyi aşılamaq istəyər

Şeytan özünə dost seçdiyi insanlara həmişə özünə inamsızlığı, gələcək üçün ümidsiz olmağı, hadisələrə həmişə pessimist cəhətdən baxmağı təlqin edər. İnsanların iman gətirmələrini, Allaha qarşı itaətkar olmalarını, taleyə təslim olmuş, təvəkküllü, ümidvar və şövqlü şəkildə yaşamalarını istəməz. Çünki bütün bu sadalananlar həm Allahın bəyəndiyi və Ona yaxınlaşdıran, həm də din əxlaqının yaşanması üçün zəruri olan xüsusiyyətlərdir. Şeytan isə insanların Allaha yaxınlaşmalarını, Allahın dinini şövqlü və qətiyyətli şəkildə yaşamalarını istəməz. Buna görə də, insanı ümidsizlik təlqini ilə ruh düşkünlüyünə, şövqsüzlüyə, pessimizmə, çarəsizliyə və bezginliyə sürükləməyə çalışar.
Şeytanın möminə etdirmək istədiyi, lakin etdirə bilmədiyi şeylərdən biri də, mənfi kimi görünən mühitlərdə ümidsizliyə salmaqdır. Şeytanın təkcə səmimi möminlərə gücü çatmaz, onları öz tərəfinə çəkə bilməz. Çünki möminlər imanlarına görə həmişə Allahın əmr və tövsiyələrinə tabe olarlar. Ümidvar olmaq Allahın Quranda bildirdiyi qəti əmrdir. Buna görə də, iman gətirənlərin bu mövzuda da fərqli münasibət göstərmələri qeyri-mümkündür. Çünki Allah ayəsində möminlərə; “Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki Allahın mərhəmətindən ancaq kafirlər ümidlərini kəsər” deyə buyurur, (Yusif surəsi, 87). Buna görə də, möminlər belə bir ruh halına sahib olmaqdan qətiyyətlə çəkinərlər.
Eynilə, digər Quran ayələrində də ümidsizliyə qapılmaq qınanılır və inkarçıların mənfi bir xüsusiyyəti kimi bildirilir. Ayələrdə belə buyurulur:

İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər. Halbuki ona toxunan bir zərərdən sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən Qiyamət saatının gələcəyini də güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” And olsun, Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq. (Fussilət surəsi, 49-50)

Allahın ayələrini və Ona qovuşmağı “inkar edənlər”; məhz onlar, Mənim rəhmətimdən ümid kəsənlərdir; və məhz onlar, ağrılı əzab onlarındır. (Ənkəbut surəsi, 23)

Ümidsizliyə qapılan, üsyan edən insan şeytanın tələsinə düşmüş, onun əmrlərini yerinə yetirmiş olar. Hər vaxt ümidvar olan, gələcəyinə həmişə ümidlə baxan mömin isə həm Allahın razılığını və axirət savabını qazanar, həm də Allahın bir neməti olaraq dünyada da sağlam və xoşbəxt həyat yaşayar. Hər şəraitdə ümidvar, Qurana sıx bağlı və Allahı çox yaxın dost tutmuş olacağı üçün, şeytan ümidsizliyə qapılması istiqamətində onu aldada bilməyəcək. Bu mövzu din əxlaqını təməlini meydana gətirən mühüm mövzulardan biri olduğu üçün, mömin Quranla əlaqədar istənilən mövzuya olduğu kimi, bu mövzuya da olduqca diqqət göstərər.

Mövzunun digər bir istiqaməti də, Allahın dininin yaşanmasını istəməyən şeytanın, insanlara həmişə dindən kənar əxlaq modellərini yaşatmaq istədiyi və ümidsizliyin də bu modelin bir parçası olmasıdır. Belə ki, bəzi cəmiyyətlərdə ümidsizlik sanki həyat fəlsəfəsi halına gəlir. Şeytanın təsiri altına aldığı insanlar, ümidsizliyin və pessimizmin dilə gətirildiyi, mahnılardan, filmlərdən və izahatlardan nəfsani bir ləzzət alacaq vəziyyətə gələrlər.

Halbuki ümidsiz insanın ağlı, məntiqi və mühakiməsi sağlam qərar almağa imkan vermir. Ümidsizlik insanın fiziki və əqli sağlamlığını itirməsinə səbəb olduğu kimi, dərəcəsinə görə insanları öz həyatına son verməyə, intihar etməyə qədər sürükləyən ruhi xəstəlikdir. Əlbəttə ki, belə bir insanın Quran əxlaqını lazımınca yaşaması gözlənilə bilməz. Bu da şeytanın maraqlarına olduqca uyğun gələn vəziyyətdir. Çünki belə vəziyyətdə insanları din əxlaqından və axirətdən hər hansı gözləntiləri ola bilməyəcək şəkildə azdırmış, özü ilə birlikdə sonsuz əzaba sürükləmiş olar. Onsuz da bəşəriyyət tarixi boyunca şeytanın ən böyük hədəfi də budur.

Ümidsiz insan özünə olduğu kimi ətrafındakı insanlara da mənfi və pessimist hal aşılayar. Bu hərəkəti ilə sanki şeytanın köməkçisi olar. Çünki şeytan insanlarda hakim etmək istədiyi ruh halını onun vasitəsilə təlqin edər. Belə hərəkətlə də insan (bilərək və ya bilməyərək) şeytana xidmətçisinə çevrilmiş olar. Halbuki insan şeytana deyil, Allaha qulluq etmək üçün, Allahın dininə xidmət etmək üçün yaradılmışdır.