Tövbə qapısı həmişə açıqdır

Allah ayələrində, qəflətə qapılıb səhv edən və sonra isə səmimi şəkildə tövbə edib bağışlanma istəyən insanın bağışlanacağını bildirir. Möminlərin yol verdikləri nöqsanın böyüklüyündən asılı olmayaraq, səmimi şəkildə etdiklərindən peşmanlıq hiss etdikləri təqdirdə Allahın rəhmətindən ümidlərini kəsməmələri lazım olduğu ayədə belə vurğulanır:

De: “Ey öz əleyhlərinə qarşı həddi aşan qullarım! Allahın rəhmətindən ümidinizi kəsməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Çünki, O, Bağışlayandır, Rəhmlidir”. (Zumər surəsi, 53)

Bu, din əxlaqını yaşamağın insanlara bəxş etdiyi ən böyük nemətlərdən və asanlıqlardan biridir. Dində insanlara belə asanlıq verildiyi halda, insanın ümidsizliyə qapılıb etdiyi səhvlərdən sonra özünü bir daha yığışdıra bilməyəcəyini düşünməsi çirkin zənndir. Allahın özünə verdiyi belə asanlığı görməzlikdən gələn insan, öz-özünə zülm etmiş və eyni zamanda da Quran əxlaqının tələbini yerinə yetirməmiş olar.
Quranın insanlara bəxş etdiyi bu böyük asanlıq sayəsində cahil cəmiyyətlərdə yaşanan bir çox Quran əxlaqına uyğun olmayan davranışın da qabağı alınır. Məsələn, cahil cəmiyyətdə səhv edən bir insana lağ etmə, onu alçaltma vərdişi Quran əxlaqının hakim olduğu mühitlərdə heç vaxt yaşanmaz. Əksinə, tövbə etmiş, səhvlərinə görə Allahdan bağışlanma diləmiş və səmimi mömin olaraq Allaha qayıtmış kəslər, Quran əxlaqının yaşandığı cəmiyyətlərdə böyük rahatlıq, sevinc və şövqlə həyatlarını davam etdirər, həmçinin onlara sataşılmaz və ya eyib tutulmaz.

Çünki insanların üstünlüyü ancaq təqva ilə, yəni Allaha və Qurana olan bağlılıqla ölçülə bilər. Cahil cəmiyyətdə kimin nə səhv etdiyi, hansı nöqsana yol verdiyi əhəmiyyətli olduğu halda, Quran əxlaqının yaşandığı mühitdə tövbə etmiş insanların keçmişdəki səhvləri və günahları heç vaxt müzakirə edilməz. Mühüm məsələ insanın Allah qatında bağışlanmasıdır. Allahın bağışlamağı vəd etdiyi bir kimsəni, digər insanların qınamasının, ayıblamasının heç bir etibarlı və qanuni istiqaməti ola bilməz.

Həyatı boyu səhvsiz, günahsız, əskiksiz və qüsursuz olduğunu zənn etməyin ilahlıq iddia etməkdən heç bir fərqi yoxdur (Allahı tənzih edirik). Çünki, insan səhv və günah işləməyə meyilli, aciz varlıqdır. Bunun müqabilində də, Allah bağışlayan və tövbələri qəbul edən olduğunu bildirmişdir. Buna görə də, bilərək və ya bilməyərək, qəflətə qapılaraq, nəfsinə uyaraq işlədiyi səhvlərdən ötrü ümidsizliyə qapılması, şübhəsiz ki, qətiyyən Qurana uyğun olmayan davranış olacaq. Səhv edən möminə düşən səhvindən ötrü ibrət götürmək, peşman olub doğrusunu görmək, vaxt itirmədən Allaha sığınmaq və bir daha o səhvi təkrarlamamaq üçün səy göstərməkdir.

Əlbəttə ki, mömin səhv və günah işləməməyə, Allahın hökmlərini qorumağa olduqca diqqət göstərər. Lakin buna baxmayaraq, etdiyi səhvlər ola bilər. Səhv və günah işləyib, sonra da tövbə edib Allahdan bağışlanma diləmək mömin xüsusiyyətidir. Allahın “tövbələri qəbul edən” (Təvvab), “Bağışlayan” (Qəffar), “mərhəmət edən” (Rəhman) adları da səhv və günah işləyib peşman olan və Allaha yönələn möminlər üzərində təcəlli edər.

Mömin səhv etdiyi zaman, dərhal tövbə etdiyi kimi bu səhvini tale gözüylə də təfəkkür edər. Hər şeydən əvvəl bu səhvi onun dünyadakı təhsili və Allaha yaxınlaşması üçün onun taleyində yazılmışdır. Bu səhvi tövbə etdikdən sonra özü üçün əcr vəsiləsi olacaq. Çünki səhvlər, bu səhvlər qarşısında bunlardan dərhal imtina edən və Qurana uyğun rəftar göstərərək bunları dərhal düzəldən səmimi möminlərin axirətdəki dərəcələrini yüksəldər, onları yetkinləşdirər, əskiklik və acizliklərini, həmçinin qulluqlarını daha yaxşı dərk etmələrini təmin edər. Mühüm olan isə insanın günahında israr etmədən dərhal peşman olub tövbə etməsidir.

Bütün bunlardan başa düşüləcəyi kimi, səhv edən, günaha işləyən mömin, tövbə edib Allahdan bağışlanma dilədiyi təqdirdə kədər və ümidsizliyə qapılmamalıdır. Çünki ümidsizlik Allahın məmnun olmayacağı davranışdır. Yol verdiyi nöqsana görə Qurana uyğun rəftarı göstərən möminin şövqü, həyəcanı və sevinci yox olmaz, hətta tam əksinə daha da artar.