Ümid və qorxu arasında olmaq

Ümid və qorxu arasında olmaq, insanın gözəl əxlaqı qazanmasında ən mühüm ünsürlərdən biridir. Ümid, möminin, din əxlaqını, şövq, səy, həyəcan, sevinc və coşğu ilə yaşamasını təmin edərkən, Allaha qarşı duyduğu qorxu da, onun Allahın hökmlərinə əməl etməkdə olduqca diqqətli olmasına, Allahın istəmədiyi şeylərdən şiddətlə çəkinməsinə, halal və harama çox böyük diqqət göstərməsinə səbəb olar. Ümidvar olmağın verdiyi şövq və coşğu ilə, Allah qorxusunun verdiyi etidal, diqqət, həssaslıq möminin əxlaqının gözəlləşməsinə və Allaha olan yaxınlığının artmasına vəsilə olar.
Allah Quranda möminlərdən heç bir hadisə qarşısında ümidsizliyə qapılmamalarını, həmişə ümid və güvən içində olmalarını istədiyi kimi, Özünə qarşı sevgi dolu qorxu içində olmalarını da istəmişdir. Belə ki, Allah qorxusu Quranda çox böyük yeri olan və din əxlaqının təməlini meydana gətirən məsələlərdən biridir.
Allahdan lazımınca qorxan insan Allahın əmr etdiklərindən kənara heç vaxt çıxmaz və çox gözəl əxlaqa sahib olar. Allahdan bağışlanmağı, özünə rəhm olunmasını, cənnətə qəbul edilməyi ümid edərkən, eyni zamanda da böyük qorxu içindədir. Çünki heç kəsin cənnətə mütləq gedəcəyinə dair zəmanəti yoxdur. Allahın əzabından heç kəs arxayın ola bilməz. Mömin ancaq əlindən gələni etməklə və Allahın rəhmətini ümid etməkdə məsuldur.
Cənnəti ümid edərkən bir tərəfdən də içi titrəyərək qorxmağın, insanın ibadətlərinə çox müsbət təsiri var. Allah qorxusu güclü olan insan axirəti qazanmaq üçün, olduqca böyük səy göstərəcək, dayanmadan xeyirxahlıq ardınca qaçacaq. Allah qorxusu güclü olmayanlar isə, "necə olsa cənnətə gedərəm", "necə olsa bağışlanaram" deyə düşünə bilir, dolayısilə içi titrəyərək qorxan möminlər qədər böyük sevgi və şövqlə ibadətlərə sarılmırlar.
Allah qorxusu olan insan gördüyü xeyirxah işləri kafi görməz, həmişə Allah rizasının ən çoxunu qazanmaq istəyər. Çünki əlində imkan olduğu halda, məhdud səy göstərmək, nəfsinin arzularına da yer vermək, insanın digər əməllərini də təhlükə altına sala bilər.

Quranda bəhs edildiyi kimi, ümid və qorxu arasındakı ruha sahib olmaq üçün lazım olan, yalnız Allaha qarşı səmimi olmaqdır. Allaha və axirətin varlığına inanan insan normal olaraq, dünyada Allahı razı salmaq və cənnətə gedənlərdən olmaq istəyər. Bu səmimiyyətlə Allahın dininə yönələn insan Onun yaratmasındakı üstünlüyü və mükəmməlliyi hər yerdə görəcək, eləcə də, Allaha qarşı hörmət dolu qorxu duyğusunu və hörmət hissini normal olaraq hiss edəcək. Allah qorxusu ilə Qurana tabe olmaqda olduqca həssas olacaq, Allahın ayələrinə əməl etməyin verdiyi rahatlıq və güvən hissiylə də cənnəti ümid edəcək. Göründüyü kimi, səmimi mömində ümid və qorxu normal tarazlıq halındadır.

Bu iki xüsusiyyətin hər mömində olmasını Allah xüsusilə bildirib. Hər ikisi də, mömin olmağın tələblərindəndir. İnsanın hər ikisini də qəlbində güclü şəkildə hiss etməsi və yaşaması, onu doğru yola yönəldəcək və ona dünya və axirətdə xoşbəxtlik gətirəcək.
Allah Özünə yönələn və dua edən möminlərdən dualarında da ümid və qorxu içində olmalarını istəmişdir. Mövzu ilə əlaqədar ayələr belədir:

Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə dua edin. Doğrusu, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır. (Əraf surəsi, 56)

Onların yanları yataqlarından uzaqlaşar. Qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən infaq edərlər. (Səcdə surəsi, 16)

Allahın bu tövsiyəsi ilə möminlər həm cənnətə qovuşa bilmə ümidi ilə, həm də eyni zamanda çox güclü Allah qorxusu ilə dua edərlər. Bu sərhədi qorumaları onları Allaha qarşı olduqca itaətkar edər.