Allahın möminlərə verdiyi gözəl vədləri ümidvar olmağı tələb edir

Allah iman gətirənlərə həm bu dünyada, həm də axirətdə çox böyük nemətlər verəcəyini vəd etmişdir. İnsan da Allaha olan imanı, yaxınlığı, təslimiyyəti və səmimiyyəti nəticəsində bu nemətlərə qovuşmağı ümid edər. Nemətləri də Allaha yaxınlaşmağa, şükür etməyə, Onun sonsuz sifətlərinin təcəllilərinə, gözəlliklərinə şahid olmağa vəsilə kimi görər. Buna görə də, Allahdan daha çox nemətə sahib olmağı istəyər. Allah gözəl davrananlara gözəllik bəxş edən olduğu üçün, möminlər nemətlərin davamlı artmasını istəyər və bunlarla Allaha yaxınlaşarlar.
Allaha dərin imanla iman gətirən və Onun özündən istədiklərini yerinə yetirən insanın vicdanı çox rahatdır. Dünya həyatı boyu Allaha qarşı göstərdiyi bağlılıq əvəzində, Rəbbimizin özünü cənnətlə mükafatlandıracağından yana böyük ümid içində olar. Sahib olduğu bu ümid, həyatının hər anına əks olunar. Hələ dünyada yaşayarkən "cənnətə qovuşmuş kimi" sevincli, şən və həyəcan doludur. Çünki Allahın dost tutmuş, Onun rizasını qazanmaq üçün çalışmış, nəfsini pisliklərdən təmizləmiş və həmişə xeyir ardınca qaçmışdır. Sonunda isə, Rəbbimizə qovuşacaq. Bunun həyəcanını daşıyan mömin, axirətdə Allahın rizasını qazanmış şəkildə ona qovuşmaqdan yana böyük ümid içindədir.

Allah bir çox ayəsində iman gətirənləri dəstəyi və cənnəti ilə müjdələyir. Allah Öz yolunda xidmət edən bütün müsəlmanları mütləq mükafatlandıracaq. Bu həqiqəti bilən müsəlmanlar da etdikləri hər saleh əməlin, hər cür yaxşılığın, gözəl əxlaqın və Qurana bağlılıqda qətiyyətli olmağın qarşılığını mütləq Allah qatında alacaqlarını bildiklərindən təvəkkülün, təslimiyyətin, səbrin və imanın gözəlliyini yaşayacaqlar.
Məhz belə şüura sahib olan mömin Rəbbimizə qarşı həmişə ümidvar olar. Dünyada və axirətdə hər şeyin ən gözəlini və ən xeyirlisini ümid edər. Quranın bir çox ayəsində Allahın möminlərə gözəl qarşılıq verdiyini, onlara nemət, lütf və rəhmətini vəd etdiyini görürük:

İman gətirərək saleh əməl işləyənlərin, əlbəttə ki, günahlarının üstünü örtəcək və onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq. (Ənkəbut surəsi, 7)

O, iman gətirib saleh əməl işləyənlərə cavab verər və Öz nemətini onlara artırar. Kafirlərə gəldikdə isə, onlar üçün şiddətli əzab var. (Şura surəsi, 26)

Müsəlmanlar bəzən yer üzündəki imtahanın tələbi olaraq çətinliklərlə də sınana bilər, bəzi çətinliklərə məruz qala bilərlər. Quranda möminlərin müxtəlif dövrlərdə fərqli təzyiq və hücumlara məruz qaldıqlarını, təzyiq altına alındıqlarını, bəzən həbs olunduqlarını, həbsxanaya girdiklərini, hətta tarixdə bir çox müsəlmanın öldürülmüş olduğunu görürük. Lakin əksər hallarda göz dağı vermək, qorxutmaq, şövqü yox etmək, din əxlaqını yaşamaqdan imtina etdirmək üçün, təzyiq altına alınmağa çalışılan möminlərin, bu çətinliklər qarşısında ümidləri heç vaxt yox olmaz. Başlarına bu cür hadisələr gəldikdə inkarçıların gözlədiklərinin əksinə, daha çox şövqlənərlər. Allahın, möminlərin inkar edənlər tərəfindən təzyiq altına alınmağa çalışılacaqlarına dair ayələrini xatırlayar, öz üzərlərində bu ayələrin təcəlli etməsindən dolayı böyük həyəcan duyaraq şükür edərlər. İnkar edənlər onları qorxutmuş olduqlarını zənn edərkən, möminlər imanlarının sevincini yaşayır, Allahın özlərinə olan vədlərini təfəkkür edirlər.

Allah ayələrində şirk qoşmayacaqları təqdirdə, möminlərə mütləq inkarçılar qarşısında qələbə bəxş edəcəyini və onları qorxularından sonra dinclik və əmin-amanlığa qovuşduracağını vəd edir:

Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri “güc və hakimiyyət sahibi” etdiyi kimi onlar da yer üzündə “güc və hakimiyyət sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinini onlarda hakim edib möhkəmləndirəcək və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcək. Onlar yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar. Bundan sonra inkar edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Allaha və ayələrinə səmimi qəti məlumatla iman gətirən möminlər inkar edənlərin qurmağa çalışdıqları tələlər və təzyiqləri qarşısında Allahın bu vədini xatırlayar, ümid və sevinc dolu şəkildə səbir edərlər. Möminlərin bu davranışları isə inkar edənlər üçün ürək ağrısı olar. Möminlərin bu təvvəkküllü rəftarları onlara Allahın qəzəbini və özlərini gözləyən dünya və axirət əzabını hiss etdirər. Təsviredilməz qorxu və narahatlığa qapılarlar.
Quranda möminlərin həmişə Allahdan ümid edən ruh halı içində olduqlarını görərik. Səmimi şəkildə iman gətirən insan, Rəbbimizi Quranda təsvir edildiyi kimi, tanıyıb təqdir edər və bunun nəticəsində, Allahın öz üzərindəki rəhmətini və nemətini görər. Allahın ayələrinə bağlı qalan insan, onun möminlərin dostu və köməkçisi olduğunu, onlara qarşı sonsuz şəfqətli və mərhəmətli olduğunu, Allahın saleh qullarını həm bu dünyada, həm də axirətdə böyük mükafatla müjdələdiyini və Allahın qətiyyən vədinə xilaf çıxmayacağını bilər. Onun özü üçün həmişə xeyirli və gözəl olanı istədiyini, ona rəhmət və hidayət qapılarını açdığını, önünə bir çox mükafat qazanma fürsəti çıxartdığını görər.

Möminlərin özlərinə hər vaxt gözəllik müjdələyən Rəbbimizə qarşı olan şövqlü və ümidvar halları isə, Fəth surəsindəki ayədə belə təsvir edilir:

Məhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq istəyən görərsən... (Fəth surəsi, 29)

Ayədə göründüyü kimi, Allahın vədlərinə qarşılıq möminlərin rəftarı, həyatları boyu Rəbbimizi məmnun edəcək davranışlar göstərmələridir. Özlərinə dünyada və axirətdə verilən müjdələrə qarşılıq möminlər, həmişə Allahın elçiləri və kitabları ilə bildirdiyi əmrlərinə tabe olar, Onun məmnun olacağı gözəl əxlaqı ən gözəl şəkildə yaşamaq üçün səy göstərərlər. Allahın mərhəmətli, anlayışlı, ədalətli, səbirli, ümidvar, təvazökar, köməksevər, fədakar qullarından məmnun olduğunu bilər və bu əxlaqın ən üstününə sahib olmaq üçün bir-birləri ilə yarışarlar. Çünki Allah qullarının cənnətə qovuşma ümidi ilə yarışmalarını əmr edib:

Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göylər və yer qədər olan Cənnətə (qovuşmaq üçün) yarışın, belə ki, o, müttəqilər üçün hazırlanmışdır. Onlar, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyənlər, qəzəblərini boğanlar və insanlardan bağışlama ilə (vaz) keçənlərdir. Allah yaxşı iş görənləri sevər. Həmçinin “çirkin həyasızlıq” etdikləri və ya nəfslərinə zülm etdikləri zaman, Allahı xatırlayıb dərhal günahlarının bağışlanmasını istəyənlərdir. Günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri (pis işlərdə) bilə-bilə israr etməyənlərdir. Məhz bunların mükafatı, Rəbbindən bağışlanma və içində əbədi qalacaqları altından çaylar axan cənnətlərdir. (Belə) edənlərə necə də gözəl qarşılıq (mükafat var). (Ali İmran surəsi, 133-136)

Rəbbiniz tərəfindən bağışlanmağa və cənnətə (qovuşmaq üçün) “səy göstərib yarışın”, belə ki, (o cənnət) genişliyi göyün və yerin genişliyi qədər olub, Allaha və Onun Rəsuluna iman gətirənlər üçün hazırlanmışdır. Məhz bu, Allahın lütfüdür ki, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir. (Hədid surəsi, 21)

Allah səmimi qullarına dünyada gözəl həyat, üstünlük və zəfər, axirətdə isə, sonsuz gözəlliklərlə dolu, əbədi yurd olan cənnəti vəd etmişdir. Ayələrdə belə bildirilir:

Ədn cənnətləri ki, Rəhman Öz qullarına qeybdən vəd etmişdir. Şübhəsiz ki, Onun vədi mütləq yerinə yetəcəkdir. (Məryəm surəsi, 61)

Allah mömin kişilərə və mömin qadınlara içində əbədi qalmaq üçün, altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahdan olan razılıq isə ən böyükdür. Məhz, böyük qurtuluş və xoşbəxtlik budur. (Tövbə surəsi, 72)

Bununla iman gətirənlərin bir-birlərini müjdələməsini əmr edən Allah, cənnəti hələ dünyada yaşayarkən mömin üçün sevinc və ümid vəsiləsi etmişdir. Cənnət, bir insanın arzu edə biləcəyi, xəyal edə biləcəyi, sahib olmaq istəyə biləcəyi bütün gözəlliklərin və Allahdan rəhmət olaraq bunlardan qat-qat üstün şeylərin olduğu, sözlərlə tərif edilə bilməyən gözəllikdəki məkandır.

Orada müsəlmanlar istədikləri hər şeyi edə biləcək və sevdikləri insanlarla birlikdə əbədi xoşbəxtlik içində yaşayacaqlar. Cənnət, heç bir qüsurun olmadığı, maddi-mənəvi bütün çatışmazlıqlardan uzaq yerdir. Quranda cənnətdən; "altından çaylar axan", "hara baxılsa nemət və böyük mülklə" qarşılaşılan, "kəsilib azalmayan və qadağan edilməyən" nemətlərlə dolu məkan kimi bəhs edilmişdir. Həmçinin: "...Orada nəfslərin istədiyi və gözlərin ləzzət (zövq) aldığı hər şey var..." (Zuxruf surəsi, 71) deyə xəbər verilmişdir. Cənnət mənəvi cəhətdən də sonsuz nemətlərlə dolu məkandır. Allah cənnətdə boş söz eşidilməyəcəyi, kin və qəzəbin olmayacağı, hər an sevinc və xoşbəxtlik dolu məşğuliyyət olacağı və ən önəmlisi də inananlara Allahdan sözlü salam olduğu xəbər verilmişdir. Quranda cənnətə girəcək olan möminlərə belə səsləniləcəyi bildirilir:

Ey mutmain (razı qalmış) nəfs, Rəbbinə, razı qalmış və razılıq qazanmış halda qayıt. Artıq qullarımın arasına daxil ol. Cənnətimə gir. (Fəcr surəsi, 27-30)

Başqa ayələrdə isə cənnətə girəcək olan möminlərin yaşadıqları sevinc, xoşbəxtlik və Allaha olan şükürləri belə xəbər verilmişdir:

Onlar dedilər: "Bizə verdiyi vədinə sadiq qalan və bizi bu yerə varis etmiş Allaha həmd olsun ki, cənnətin istədiyimiz yerində sakin ola bilirik. (Saleh) əməllər işləyənlərin mükafatı necə də gözəldir. Mələkləri isə, ərşin ətrafını əhatə edənlər olaraq, Rəbbinə həmd ilə təqdis etdiklərini görəcəksən. Aralarında haqq ilə hökm verilmiş və "Aləmlərin Rəbbinə həmd olsun" deyilmişdir. (Zumər surəsi, 74-75)

Əlbəttə, cənnətlə müjdələnmiş olmaq, insanın həyatında qazana biləcəyi ən böyük hədiyyədir. Buna görə də, möminlər bu həqiqəti heç vaxt unutmadan, yadda saxlamaq üçün dua edərlər. "Cənnət sevinci" Allahın dünyada müsəlmanlara verdiyi böyük nemətdir. Belə ki, insan özünə böyük miras qaldığını eşitdiyi zaman, birdən necə sevinirsə, Allahın əbədi cənnət yurduna varis etdiyini müjdələdiyi möminlər bundan olduqca böyük sevinc yaşayarlar. Dünya həyatının sürətlə keçdiyini, Allahın səmimi olanlara müjdələdiyi cənnətə qovuşmağın çox yaxın olduğunu bilərlər.

Bir möminin (orta hesabla 60 il yaşadığını düşünsək), məsələn, o 30 yaşındadırsa təxminən (3 x 10), 40 yaşındadırsa (4 x 10) ili qalmışdır. Nəticədə, 100 yaşına qədər də yaşasa mütləq öləcək və Allahın icazəsi ilə əbədi olan, heç vaxt yox olmayacaq cənnətə qovuşacaq. Sonsuz zamanlar boyu, sevdiyi insanlarla birlikdə, Allahın təcəllilərini görərək, dünyada bənzəri görülməmiş gözəlliklərlə və bənzərsiz təmizlik içində, xoşbəxt və sevincli həyat yaşayacaq.

Üstəlik, bu sonsuz nemətlərə qovuşa bilməsi üçün, dünyada ondan istənilənləri etməsi çox asandır. Hər an bu gözəlliklərə qovuşmağın ümid dolu sevinci ilə, Allahın əmrlərinə tabe olması, ibadətlərini yerinə yetirməsi və Quran əxlaqını yaşamaq üçün səy göstərməsi lazımdır ki, bu onsuz da insanın dünyada da ən çox zövq alacağı həyat tərzidir. Allahın qullarından istədikləri aşağıdakı ayələrdə belə bildirilmişdir:

Əsrə and olsun; həqiqətən insan, ziyan içərisindədir. Lakin iman gətirib saleh əməllər görənlər, bir-birlərinə haqqı tövsiyə edənlər və bir-birlərinə səbirli olmağı tövsiyə edənlər başqa. (Əsr surəsi, 1-3)

Bu ayələrdən göründüyü kimi, insanın ziyandan xilas olması və əbədi cənnətə layiq qul ola bilməsi üçün, saleh əməllər işləməsi və digər insanlara da Allahın əmrlərini tövsiyə etməsi lazımdır. Həmçinin Allah saleh qullarına nemət olaraq cənnətlə yanaşı, dünyada da gözəllik vəd etmişdir. Dünyada da səmimi müsəlmanları gözəl həyatla yaşadacağını bildirmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

Yaxşılıq edənlərə daha yaxşısı və artığı var. Onların üzünü nə zülmət, nə də zillət bürüyər. Məhz onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (Yunis surəsi, 26)

(Allahdan) çəkinənlərə: “Rəbbiniz nə nazil etmişdir?” deyildikdə, onlar: “Xeyir nazil etmişdir!” dedilər. Bu dünyada gözəl davranışlar göstərənlər üçün gözəllik var; axirət yurdu isə daha xeyirlidir. Təqva sahiblərinin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)

Bunlar, Allahın möminlərə dünyada və axirətdə olan vədləridir. Həmçinin Allahın vədinin qəti və həqiqət olduğu Quranın bir çox ayəsində: "Şübhəsiz ki, Allahın vədi haqdır" (Fatir surəsi, 5; Loğman surəsi, 9; Yunis surəsi, 55; Rum surəsi, 60) sözüylə ifadə edilmişdir.

Məhz bu ən gözəl vədlər dünyada möminin hər an ümidvar ruh halı içində yaşamasını, kədərə və sıxıntıya qapılmamasını təmin edən ən mühüm faktorlardır. Allahın vədi ilə cənnəti ümid edən insan dini bütün şövqü, həyəcanı və həssaslığı ilə yaşayar.